Müşfiq Səmədli
Şəki
Riskə getmək vacibdir. Risk etməsək, həyatın qarşımıza çıxardığı imkanları buraxmış olarıq. Məni ayaqda tutan da elə macəra yaşamağa olan həvəsimdir.
Birinci dəfə hostel açanda, demək olar, heç kim “hostel nədir” bilmirdi. Xüsusilə də, Azərbaycanın uzaq rayonlarında hostelin nə olduğu ilə bağlı təsəvvür belə yox idi. Qonaqpərvər insanlar olaraq qapımız həmişə qonaqların üzünə açıq olduğuna görə, yerli insanların hostel fikrinə öyrəşməsi çox uzun çəkmədi.
Çalışıram ki, bizim hostel insanların sadəcə gecəni keçirə biləcəyi bir yer yox, eyni zamanda yeni dostlar qazanıb öz adət-ənənələrini bölüşə biləcəkləri mədəni mərkəz kimi fəaliyyət göstərsin. Demək olar ki, indiyə qədər dünyanın hər yerindən qonaqlarım olub və onların hər biri ilə dostluq münasibətləri qurmuşuq. Elə bil ki onlar ailəmin bir hissəsinə çevriliblər.
Həvəslə gördüyüm işlər arasında dağ bələdçiliyi və alpinizm də var. Şəkinin bütün dağlarını fəth etmişəm. Bu həvəsim 2011-ci ildə bir qrup amerikalı ekspertlə görüşümdən sonra başladı. Bu vaxta qədər qalxdığım ən yüksək zirvə Bazardüzü olub. Bazardüzü 4466 metr yüksəklikdə Azərbaycanın ən hündür zirvəsidir. Burada qrup turları da təşkil edirəm. Əminəm ki, özünə inam yüksək olarsa, məqsədinizə çatmağınıza mane olan istənilən çətinliyin öhdəsindən gəlmək olar.