Darıdağmüalicəvi suyu
Suyun kimyəvi tərkibinin öyrənilməsinə hələ XIX əsrin ortalarından başlanılmışdır və məlum olmuşdur ki, Darıdağ suyu karbonlu, arsenli, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumlu olduğuna görə müalicəvi əhəmiyyətə malikdir.
Darıdağ arsenli su mənbələri hələ XV əsrdən mövcud olduğuna baxmayaraq, XX əsrin ortalarına qədər həmin ərazidə heç bir müalicə kurortu mövcud deyildi. 1978-ci ildə ilk dəfə 5 vanna həcmində müalicəxana tikilmişdir. 2005-ci ildən Darıdağ ərazisində 2 yeni müalicəxana korpusu istifadəyə verilib ki, bu korpuslarda 1 saat ərzində təminən 25-30 xəstə qəbul etmək mümkündür.
Maraqlıdır ki, bulağın mənbəyində suyun hərarəti 52°C, vannalarda isə 37-41°C olur. Bütün bu xüsusiyyətlər Darıdağ suyunu nəinki Qafqazda, hətta bütün dünyada olan arsenli sular içərisində fərqləndirir. Məhz burada arsenli su vannası qəbul etməklə revmatik, dəri, əzələ, sinir və dayaq-hərəkət sistemləri xəstəliklərinin müalicəsi aparılır.