MƏSAFƏ: 9,3 KM
YOXUŞ: 434 M
ENİŞ: 564 M
|
MAKS. HÜNDÜRLÜK: 1880 M
MİN. HÜNDÜRLÜK: 1370 M
MÜDDƏT: 3 SAAT 45 DƏQ
|
Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin. Məlumat lövhəsinin yanındakı işarənin göstərdiyi istiqamətdən sol tərəfə doğru yol burulur – həmin hissə 1,8 km yoxuşdur. Sonrakı 2 km eniş və yoxuşsuz, düz ərazidir, geri qalan hissə isə Çıraqlı kəndinə qədər əsasən enişlə davam edir. Yolun üzərində köhnə qəbiristanlıqla rastlaşacaqsınız, həmin yerdə yolayrıcından sağa dönmək lazımdır. Qəbiristanlıqdan 2,4 km sonra sola yolayrıcı var. Buradan düz davam etmək lazımdır. Qəbiristanlığa qədər olan hissə əsasən ağacsız, çılpaq, sonrakı hissə isə seyrək meşəlik ərazidir. Çıraqlı kəndi Daşkəsən rayonuna aid olsa da, bu kəndə maşın yolu ilə yalnız Göygöl rayonundan getmək mümkündür. Marşrutu əks istiqamətdə də gedə bilərsiniz.
Ətraf cığırlar
Bu marşrut Əzgilli – Cavadxan zirvəsi, Çıraqlı – Dəstəfur marşrutları ilə əlaqələndirilə bilər.
Mövsüm
Bütün mövsümlərdə gedilə bilər.
Qida və gecələmə
Kəndlərin heç birində mağaza yoxdur. Odur ki, marşruta başlamamışdan öncə tədarükünüzü görməlisiniz. Çıraqlı kəndində “Rasimin qonaq evi”ndə qalmaq olar (tel.: +99455 286 5228).
Su
Kəndlərdə bulaqlar var, bundan əlavə, marşrut boyunca da beş yerdə bulaq var.
Nəqliyyat
Əzgilli kəndi Göygöl rayonunun Daşkəsən rayonu ilə sərhəd sonuncu kəndidir. Bu kəndə tək maşın yolu Toğana kəndindəndir. Göygöl avtovağzalından Toğana kəndinə avtobus və ya taksi ilə gedə bilərsiniz. Toğana kəndindən Əzgilli kəndinə getmək üçün dağ maşını lazımdır. Müəyyən ödəniş müqabilində Göygöl Milli Parkının girişindən qeyd edilən məkana sizi yolsuzluq avtomobilində apara bilərlər. Danışıq əsasında eyni avtomobillə geri qayıtmaq üçün sürücüdən gözləməyi xahiş etmək olar. Marşrutun başlanğıcı kəndin yuxarı çıxışındadır. Çıraqlı kəndindən sonra maşın yolu yoxdur. Maşınla və ya piyada Əzgilli kəndinə qayıda bilər, yaxud Dəstəfur kəndinə qədər yenidən piyada gedə bilərsiniz.
Toğana kəndindən Əzgilli kəndinə gedən əsas yol (yuxarı yol) ancaq yolsuzluq avtomobilləri üçün əlverişlidir.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Əzgilli kəndinin aşağı və yuxarı hissəsində hərbi hissələr var. Bu obyektlərin şəklini çəkmək və ərazisinə daxil olmaq qadağandır. Aşağı yol hərbi hissədən keçdiyi üçün bu yoldan istifadə etmək olmaz.
Təhlükə qeydi
Əzgilli kəndindən yuxarıdakı yoxuşu qalxdıqdan sonra müxtəlif yerlərdə may ayından oktyabr ayının sonunadək çoban alaçıqları olur. Bu ərazidə çoban itlərindən ehtiyatlı olmaq lazımdır. Pis hava şəraiti, azmaq təhlükəsi və s. kömək lazım ola biləcək hallarda çoban alaçıqlarına müraciət edə bilərsiniz.