MƏSAFƏ: 10,4 KM
YOXUŞ: 909 M
ENİŞ: 545 M
|
MAKS. HÜNDÜRLÜK: 1443 M
MİN. HÜNDÜRLÜK: 1001 M
MÜDDƏT: 3 SAAT 5 DƏQ
|
Marşrut Şəmkir çayını keçəcəyiniz yerə qədər kiçik eniş və yoxuşlarla, çaydan sonrakı hissə isə əsasən yoxuşlarla davam edir. Cığırlar əsasən aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin – 2 km sonra sol tərəfə qalxıb, 550 m sonra Qız qalasına çata, yaxud Əmirvar kəndi istiqamətində davam edə bilərsiniz.
Bu nöqtədən 2 km sonra Şəmkir çayını keçib cığır ilə meşəni üzü yuxarı qalxmaq lazımdır. Meşə ilə 4,2 km hərəkət etdikdən sonra Əmirvar kəndinə çatırsınız. Qeyd edək ki, bu hissə əsasən yoxuşlardan ibarətdir. Kəndin girişindən sola 350 m irəlilədikdə Əmirvar şəlaləsinə çata, yaxud 1,8 km davam edərək kəndin çıxışına gedə bilərsiniz. Əmirvar kəndinə qədər dar cığırlardır. Təkcə Əmirvar kəndinin yolu avtomobillərin hərəkəti üçün uyğundur.
Marşrutu əks istiqamətdə də gedə bilərsiniz.
Ətraf cığırlar
Bu marşrut Soyuqbulaq–Mahrasa məbədi marşrutu ilə əlaqələndirilə bilər.
Mövsüm
İlin yağıntı çox düşən və soyuq vaxtlarında Şəmkir çayını keçmək çətin ola bilər.
Qida və gecələmə
Əmirvar kəndində kiçik dükan var. Kəndin çıxışında, marşrutun Əmirvar şəlaləsinə ayrılan hissəsində kiçik kafelər var. Əmirvar kəndində “İsmixanın qonaq evi”ndə (+99455 482 8691) qalmaq olar.
Su
Bu marşrut üzərində Əmirvar kəndindən sonra bulaq yoxdur.
Nəqliyyat
Gədəbəy rayonunun mərkəzindən Mahrasa məbədinə getmək üçün yolsuzluq avtomobilinə ehtiyac olacaq. Yol boyu Şəmkir çayını bir neçə yerdən keçmək lazım gəlir. Çayın bol sulu vaxtlarında maşınlar keçə bilmir.
Təhlükə qeydi
Şəmkir çayını keçmək üçün körpü yoxdur. Çay kifayət qədər enlidir, bu səbəbdən üzərindən hoppanmaq mümkün deyil və çayın içi ilə keçmək lazımdır. İlin yağıntılı vaxtlarında çayın səviyyəsi qalxır, həmin vaxtlarda çayı keçmək məsləhət görülmür.
Qız qalasının yolu dik qayalıdır. Qalxan və enən zaman sürüşmə ehtimalına qarşı diqqətli olmaq lazımdır.