şəfalı otlarfərqli mətbəx
Lahıc mətbəxi ilə tanışlığa hələ qəsəbəyə çatmamış, Lahıc yolu boyu yerləşən kafelərdə sac üstündə hazırlanan qutab və fətirdən dadmaqla başlaya bilərsiniz. Xüsusən yazın əvvəlində yetişən və yerli əhalinin “pəl” adlandırdığı göyərtidən hazırlanan qutab səfərinizə dadlı anlar qatacaq. Yol kənarındakı istirahət mərkəzlərində təbiət qoynunda nahar etməyin zövqünü də yaşaya bilərsiniz. Həm Lahıca gedən yolda, həm də qəsəbənin içində dükanlarda satılan müxtəlif otlar və ədviyyatları almağı da unutmayın. Bəy kəklikotusu, dağ yarpızı kimi əksəriyyəti yalnız bu ərazilərdə bitən otlar dəmlənib içilməklə bərabər, müxtəlif yeməklərə də əlavə ləzzət qatır. Dəmlənərkən eyni anda həm limonun, həm də kəklikotunun xoş ətrini və dadını çatdıran limonlu kəklikotu isə xüsusi marağa səbəb olan otlardandır. Qəsəbənin əsas küçəsində yerləşən “Qədim çay evi”ndə bu otlarla dəmlənmiş bir stəkan çay və gül mürəbbəsi yol yorğunluğunuzu unutduracaq. Lahıcda çay süfrəsinin bəzəyi olan digər təam qara halvadır. “Səməni halvası” kimi də tanınan bu şirniyyat növünün hazırlanmasında razyana, darçın, hil, istiot, sarıkök kimi ədviyyatlardan istifadə olunur. Üzərinə qoz ləpəsi də vurulan rombşəkilli halvanın hazırlanma prosesi 4-5 saat çəkir.
Lahıc mətbəxindən danışarkən dolmanın adını çəkməmək mümkün deyil. Azərbaycan mətbəxində dolmanın xüsusi yer var və ölkənin hər tərəfində bişirildiyi məlumdur. Amma Lahıc dolması onlardan fərqlənir. Lahıclar döyülmüş ətdən hazırladıqları dolmanı üzüm yarpağına deyil, heyva yarpağına bükürlər və bu dolma quruluşuna, bükülməsinə görə seçilir. Uzunsov formada olan bu dolmalarda ət yarpaqdan kənara çıxır. Lahıcda kirayə evlərdə qalmaqla yerli sakinlərin hazırladıqları Lahıc dolmasını dada bilərsiniz.