Suqovuşanın tarixi irsi
Suqovuşan məbədi kəndin keçmişini layiqincə təcəssüm etdirən abidədir. Mühafizə olunan bu mədəniyyət abidəsinin cənub girişinin üstündə yerləşən kitabədə onun 1892-1898-ci illər arasında tikildiyi göstərilir. Yerli materiallardan istifadə edilməklə üç nefli bazilika formasında inşa olunmuş məbəd Qarabağ bölgəsindəki digər xristian mərkəzlərinin memarlıq üslubunu əks etdirir.
Suqovuşanın şərqində Qarqarçay çayının üzərində salınan Qarı körpüsü tarixin yadigarı olan digər bir heyrətamiz memarlıq nümunəsidir. Talış kəndlərini Qarabağın dağ kəndləri ilə birləşdirən tarixi yolun üzərində çay daşlarından və cilalanmış qayalardan tikilmiş bu tək tağlı körpünün yaşı orta əsrlərə gedib çıxır.
Suqovuşandan 3,5 kilometr məsafədə, Murovdağ silsiləsinin ətəklərində yerləşən Müqəddəs Yelisey monastırı Qafqaz Albaniyasının və daha sonralar Qarabağ məlikliklərinin siyasi və mədəni həyatında böyük rol oynamışdır. Üç tərəfdən divarla, bir tərəfdən isə sıldırım qaya ilə əhatə olunmuş möhtəşəm kompleks kilsə, yeddi sövmə, qədim qəbiristanlıq və qalıqları və xarabalıqları qalmış digər tikililərdən ibarətdir. Qafqaz Albaniyasının hökmdarı III Mömin Vaçaqanın sərdabəsi bu tarixi abidəyə xüsusi əzəmət verir.