memari ahəngi iləŞeyx Cüneyd türbəsi
XVI əsrin əvvələrinə aid Şeyx Cüneyd türbəsi Qusarın Həzrə kəndində yerləşən mühüm tarixi abidələrdən biridir. Səfəvi şeyxinin dəfn olunduğuu türbənin tarixi belədir ki, Şirvanı istila etmək niyyətində olan Şeyx Cüneydin başçılıq etdiyi qızılbaş qoşunları ilə Şirvanşah Xəlilullahın qoşunları arasında 1460-cı ildə baş verən döyüşdə qızılbaşlar məğlubiyyətə uğrayıb, Şeyx Cüneyd isə həlak olub. Həmin zaman onun cənazəsini Həzrə kəndində dəfn ediblər. Səfəvilər Şirvanda hakimiyyəti tam ələ aldıqdan sonra, ölümündən 84 il sonra Şeyx Cüneydin məzarı üzərində türbə ucaldıblar.
Bu qədim tarixə malik olan abidə özünün memarlıq üslubu da diqqəti cəlb edir. Bişmiş kərpicdən inşa olunan türbənin üzəri böyük günbəzlə, daxili divarları isə bənövşəyi və firuzəyi kaşı örtülüdür. Abidənin qərb qapısına diqqət etsəniz, üzərində yeddi sətirdən ibarət, ərəb dilində nəsx xətti ilə kitabə həkk olunduğunu görə bilərsiniz. Türbənin yenilənməsi ilə xarici görkəmi dəyişsə də, interyerindəki tarixi elementlər öz orijinallığını dəyişməz olaraq saxlayır. Həzrə kəndində yerləşən türbə böyük maraq kəsb edərək xüsusilə yay mövsümündə yerli və xarici turistlərin səyahət marşrutunda yer alır.