Astaranın mirvarisiSım kəndinə səyahət
Talış dağlarının əsrarəngiz təbiətə malik olması heç kim üçün sirr deyil. Astaranın Sım kəndi də Talış dağlarının qoynunda yerləşir. Kəndin adı talış dilində “qayalıqda yerləşən kənd” mənasındadır.
Bu kəndin toxunulmamış təbiəti boyunca minilliklərlə yaşı olan ağaclar, qayalıqlar və tarixi tikililərinin qalıqları arasından keçərək özünüzü yeni yerlər kəşf edən səyyah kimi hiss edəcəksiniz. Qonaqpərvər yerli insanların üzündəki təbəssüm qəlbinizdə xoş izlər buraxacaq. Kəndin əhalisi daha çox arıçılıq, tərəvəzçilik, maldarlıqla məşğul olur.
Sım kəndinin özünəməxsus və çox fərqli atmosferi var. Bu da kənddə evlərin arasında və ətrafında yerləşən iri qoca ağaclar və hündür mamırlı qayalarla əlaqədardır. Kəndin nağıllardakı kimi qəribə sehirli havası var. Kəndin sonuna qədər getsəniz, təəccüblənməyə hazır olun. Burada sizi Sım şəlaləsi gözləyir. Şəlalənin ətrafında piknik edə və ya samovar çayına qonaq ola bilərsiniz. Şəlaləyə getmək üçün isə yerli əhalinin təşkil etdiyi UAZ və Niva markalı avtomobillər yardımçınız olacaq. Keçilməz və dar yollar, cığırlar sizə əsl macəra hissini yaşadacaq.
Bundan əlavə, Sım kəndi yolu üzərində yerləşən su anbarında (Ojakəran kəndi, Sım kəndinə giriş hissə) mükəmməl gözəlliyə malik mənzərənin seyrinə çıxa bilərsiniz. Sım kəndində digər maraqlı məkanlardan biri də Ağ Körpüdür. Burada çayın ortasında əyləşərək, yerli Astara çayının dadına baxmaq və təbiətdən həzz almaq olar.
Yolboyu naringi bağları sizdə xoş təəssürat yaradacaq və mövsüm zamanı səfər edərsinizsə, bağlarda burada yetişən orqanik meyvələrdən də ala bilərsiniz. Bundan əlavə maşını saxlayaraq, dağın başından Xəzər dənizinə açılan nəfəskəsici mənzərəni izləmək də burada “mütləq edilməli”lər siyahısındadır.
Qayıdarkən təbii bal və yerli Astara çayından almağı da unutmayın.
Ətraflı məlumat üçün:
Lənkəran Turizm İnformasiya Mərkəzi
[email protected]
+99425 254 0377
+99477 270 5171