Talış dağlarındanadir quşlara tamaşa
Hirkan Milli Parkında dəmirağac kimi endemik bitkilər, Qafqaz bəbiri kimi “Qırmızı kitab”a salınmış canlılar və müxtəlif landşaft növlərinə rast gəlmək olar. Hirkan meşələrinin səciyyəvi quş növləri Hirkan arıquşu, bir çox yerli quş yarımnövləri, iri ala ağacdələn, Türküstan qırğısı (Türküstan tüvüyü) və qış fəslində Sibirdən gələn qaradöş qaratoyuqdur. Bu quşları əsasən Lənkərandan Lerikə gedən yolun üzərində yerləşən “Təbəssüm” istirahət mərkəzi yaxınlığında müşahidə etmək olar. Hirkan arıquşu Avropada yalnız burada yaşayır və yamacdakı kolluq və meşə xəttinin başladığı yerlərdə rast gəlinir. Bu quş növü uzun müddət ekspertlər tərəfindən müşahidə edilməsə də, 2017-ci ildə britaniyalı quş müşahidəçisi tərəfindən məhz burada aşkarlanmışdır.
Kiçik qırğı növünə bənzəyən və bölgəyə məxsus digər spesifik quş növü olan Türküstan qırğısı (Türküstan tüvüyü) da 1968-ci ildən bəri müşahidə edilməməsinə baxmayaraq, 2008-ci ildə məhz bu ərazidə qeydə alınmışdır. Quş müşahidəçiləri Masallıda bu quş növünü görə bilərlər.
Lerikdən bir qədər aralıda mənzərəli yol sıx çəmənliklərdən sonra kanyonlarla davam edir və ardınca tikanlı kolluqlar və kiçik vahələri xatırladan meşələrlə örtülmüş yarımquraq dağlıq əraziyə keçir. Məhz bu yol Zuvand yüksəkliyinə aparır. Ərazidəki quşların bir çoxu Naxçıvanda da müşahidə olunur. Bu quşlara ağboğaz bülbül, qısabarmaq sərçə və qırmızıqanad mərcimək quşu aiddir.
Əraziyə xas quşlar
Qaradöş qaratoyuq (Turdus atrogularis)
Hirkan arıquşu (Poecile hyrcanus)
Türküstan qırğısı (Türküstan tüvüyü) (Accipiter badius)
Yaxalıqlı milçəkqapan (Ficedula semitorquata)
Ağboğaz bülbül (Irania gutturalis)
Aladöş çərənçi (Prunella ocularis)
Qırmızıqanad hörücü (Rhodopechys sanguinea)
Qısabarmaq sərçə (Carpospiza brachydactyla)
Səhra hörücüsü (Bucanetes githagineus)
Qayalıq vələmirquşu (Emberiza buchanani)
Berkut (Aquila chrysaetos)
İkixallı torağay (Melanocorypha bimaculata)
Ala çaxraqçı (Oenanthe melanoleuca)
Dağ vələmirquşu (Emberiza cia)
Ən uyğun dövrlər
Türküstan qırğısını aprelin sonunda görmək mümkündür, amma quş müşahidəsi üçün isə ən yaxşı dövr may və iyundur. Bu dövr milçəkqapanı, noyabrın ortalarından martın əvvəlinədək olan dövr isə qaradöş qaratoyuğu görmək üçün uyğun zamandır. Hirkan arıquşu bütün il boyu burada qalır, amma yazda və payızın sonunda daha çox rast gəlinir.
Gecələmə
“Təbəssüm” istirahət mərkəzində yerləşən taxta evlər quş müşahidəçiləri arasında məşhurdur. Bir qədər aralı olsa da, Lənkəran şəhərində geniş hotel seçimi mövcuddur. Masallıda yerləşən hotellər də regiona səfər edən quş müşahidəçiləri üçün seçim ola bilər.