qədim Qəbələnintarixinə səfər
Tarix həvəskarları e.ə. IV əsrdən eramızın XVIII əsrinədək İpək Yolu boyunca əsas ticari-ictimai mərkəz və Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələnin qalıqları ilə tanış olmaq üçün Qəbələdən 15 km cənub-qərbdə yerləşən Çuxur Qəbələni mütləq ziyarət etməlidirlər. Bu yer 1929-cu ildən arxeoloqlar tərəfindən tədqiq edilir. Tədqiqatlar nəticəsində bir çox tarixi abidələr, o cümlədən orta dövrlərə aid su təchizat sistemi, sikkə və keramikalar, qəbirlər və müxtəlif tarixi dövrlərə aid tikililərin qalıqları aşkar edilmişdir. Tapıntılar arasında bir vaxtlar şəhərin cənub giriş qapıları olan daşlardan tikilmiş iki dairəvi qala və qala divarlarının qalıqlarını xüsusilə qeyd etmək lazımdır. 25 hektar ərazini avtomobillə, yaxud piyada gəzdikdən sonra kəndin tarixi haqqında müfəssəl məlumat əldə etmək üçün yaxınlıqdakı müasir muzeyə baş çəkməyi unutmayın.