MƏSAFƏ: 14,6 KM
YOXUŞ: 1200 M
ENİŞ: 1100 M
|
MAKS. HÜNDÜRLÜK: 2050 M
MİN. HÜNDÜRLÜK: 950 M
MÜDDƏT: 7 SAAT 50 DƏQ
|
Baş Göynük kəndinə yürüş uzunluğu, sərt eniş və yoxuşlarına görə fiziki cəhətdən yorucu hesab olunur. Başlanğıc nöqtəsindən nişanları izləyərək məhəllərin arası ilə davam edin. 400 m irəlidə cığır başlayır. Meşə ilə qalxan dik dolayı cığır 2 km irəlidə hər iki tərəfi meşə ilə örtülü dərələr olan açıqlığa çıxaraq davam edir. Daha 2 km irəlidə isə meşə zolağından yuxarı qalxaraq heyrətamiz mənzərəli dağa çıxır.
Dağın başında 600 m irəliləyib hamar düzənliyə çatırsınız, ən sonda sağa ayrılan cığırla davam edirsiniz. Dolayı cığır 500 m irəlidə meşə zolağına düşür və meşənin içi ilə davam edir. Sol yamac ilə dik cığır boyu yoxuş üzrə gedirsiniz. 1 km irəlidə açıqlığa çıxan cığır az enişlə 700 m davam etdikdən sonra dağın sağ yamacına keçərək, bir az sonra sağa aşağı düşən daha enli və dik cığırla enməyə başlayır. 700 m irəlidə dərəyə çatan cığır sola dönərək dərə ilə aşağı davam edir. Az irəlidə çoban alaçığına çatdıqda cığır meşə yoluna çıxır. Təqribən 6 km-dən sonra çayı keçib kəndə daxil olursunuz.
Bu marşrutu Baş Göynükdən əks istiqamətdə getmək daha çox tövsiyə olunur.
Ətraf cığırlar
Baş Göynük kəndindən Qumux kəndinə maşınla və ya piyada hərəkət edərək (7 km) Qumux – Qaşqaçay, daha sonra isə Qaşqaçay – İlisu marşrutlarını gedə bilərsiniz. Hər iki marşrut nişanlanıb. Bu üç marşrutu birləşdirərək Şəki şəhəri yaxınlığından Qax şəhəri yaxınlığına kimi dağlarla hərəkət etmək olar.
İlisudan sonra isə dağlıq ərazilər əsasən İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə və sərhəd nəzarət zolağına düşür. Yerli bələdçiniz olarsa və ya dəqiq işlənmiş xəritəniz və kifayət qədər təcrübəniz varsa, İlisudan Qum və ya Ləkit Kötüklü kəndinə qədər ikigünlük trekkinq planlaya bilərsiniz. Bu istiqaməti ancaq yayda getmək və çadır hazırlığı görmək tövsiyə olunur.
Mövsüm
May – sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlardır. Marşrut boyunca yalnız bir yerdə çoban alaçığı var. May və sentyabr aylarında çobanların dağda olub-olmadığını yerli camaatla dəqiqləşdirə bilərsiniz. İtlərlə ehtiyatlı davrandıqda bu çoban alaçıqları isti sığınacaq və ya “məlumat mərkəzi” ola bilər.
Ümumilikdə, il boyunca bu marşrutla getmək mümkün olsa da, qış aylarında daha çox hazırlıq tələb olunacaq. Qış, yaz və payız aylarında hava proqnozunu daha diqqətlə yoxlamağınız, qida, geyim, ləvazimat (çadır, yataq kisəsi və s.) hazırlığı görməyiniz vacibdir. Soyuq və qısa qış günlərində bu marşrutu bir günə bitirmək çox çətin və riskli olduğuna görə uyğun çadır hazırlığı görmədən yola çıxmağınız məsləhət görülmür.
Qida və gecələmə
Hər iki kəndin ərazisində kiçik dükanlar, kafe və restoranlar fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələrinin yerini xəritədə tapa bilərsiniz.
Su
Marşrut boyunca yalnız bir yerdə bulaq var, o da Baş Göynük dərəsinin sonunda çoban alaçığının yaxınlığındadır. Su mənbələri məhdud olduğu üçün azı 1,5-2 l su götürmək tövsiyə olunur.
Nəqliyyat
Şəki şəhərindən Kiş kəndinə 15 və 25 nömrəli kiçik tutumlu marşrut avtobusları fəaliyyət göstərir (0,40 AZN). Kişə taksi ilə də getmək mümkündür (*0066 və *5577 taksi xidmətləri ilə 3-5 AZN-ə).
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və marşrut boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur. Sərhədçilərlə qarşılaşdıqda sənədləri göstərib, hərəkət marşrutunu izah etmək lazımdır.