MƏSAFƏ: 5,5 KM
YOXUŞ: 200 M
ENİŞ: 300 M
|
MAKS. HÜNDÜRLÜK: 1250 M
MİN. HÜNDÜRLÜK: 1020 M
MÜDDƏT: 2 SAAT 10 DƏQ
|
Başlanğıc nöqtəsindən nişanları izləyərək cığırla davam edin. Təqribən 1 km irəlidə cığır meşəyə girərək dik yoxuşu qalxmağa başlayır. Meşənin içi ilə irəlilədikcə cığırı kol-kos basmağa başlasa da, yürüş üçün yetərincə yer qalır. Təqribən 2 km irəlidə cığır açıqlığa çıxaraq bir az irəlidə aşırıma çatır. Aşırımdan sağa və aşağı düşən cığır 1,5 km irəlidə Qaşqaçay kəndinə çatır. Kəndin əsas yoluna çıxmaq üçün nişanları izləyərək davam edin. Əsas yola çıxdıqdan sonra İlisuya gedən nişanları izləyərək bir az irəlidə bu marşrutun məlumat lövhəsi ilə tanış ola bilərsiniz.
Bu marşrutu digər marşrutlarla əlaqələndirmək istəyirsinizsə, əks istiqamətdə, yəni Qaşqaçay kəndindən başlayaraq getmək daha məsləhətlidir. Hər iki istiqamət arasında nəzərəçarpacaq vaxt və ya çətinlik fərqi yoxdur.
Ətraf cığırlar
Bu marşrutu bu istiqamətdə getməyi planlaşdıranlar öncə Kiş – Baş Göynük marşrutu ilə, Qaşqaçay kəndinə çatdıqdan sonra isə Qaşqaçay – İlisu marşrutu ilə davam edə bilərlər.
İlisudan sonra isə dağlıq ərazilər əsasən İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə və sərhəd nəzarət zolağına düşür. Yerli bələdçiniz olarsa və ya dəqiq işlənmiş xəritəniz və kifayət qədər təcrübəniz varsa, İlisudan Qum və ya Ləkit Kötüklü kəndinə qədər ikigünlük trekinq planlaya bilərsiniz. Bu istiqaməti ancaq yayda getmək və çadır hazırlığı görmək tövsiyə olunur.
Mövsüm
May–sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlar olsa da, bu marşrutu il boyunca rahatlıqla keçmək olar. Yağıntılı günlərdən sonra cığırlar palçıqlı olur. İl boyunca marşrut üzərində çoban alaçıqları olmur.
Qida və gecələmə
Hər iki kənddə kiçik dükanlar və kafelər fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini xəritədə tapa bilərsiniz.
Su
Marşrut üzərində su mənbəyi olmasa da, qısa və rahat olduğu üçün su ehiyatına görə narahat olmağa dəyməz. Yürüşdən kənar çox vaxt keçirmədikdə 1 l su ehtiyatı kifayətdir.
Nəqliyyat
Şəki şəhər bazarından Baş Layısqı istiqamətində kiçik tutumlu marşrut avtobusları (1 AZN) fəaliyyət göstərir. Qumux kəndi Baş Layısqının yuxarı hissəsində yerləşir. Qumuxa taksi ilə də (*0066 və *5577 taksi xidmətləri ilə 6-8 AZN-ə) getmək mümkündür.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və marşrut boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur.