MƏSAFƏ: 8,5 KM
YOXUŞ: 470 M
ENİŞ: 1330 M
|
MAKS. HÜNDÜRLÜK: 2100 M
MİN. HÜNDÜRLÜK: 1330 M
MÜDDƏT: 3 SAAT 40 DƏQ
|
Yürüş kifayət qədər çətin hesab olunur, ehtiyatlı və təcrübəli olmağı tələb edir. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək kəndin çıxışından yerlilərin “Eh yolu” adlandırdığı cığırla təxminən 4,5 km irəliləyirsiniz. “Xan kek” deyilən yerdə cığır ikiyə ayrılır. Sola gedən nişanlanmamış cığır Xoruz qayası və Qrızdəhnə şəlaləsinin yuxarısındakı kaskad şəlaləyə çatır. Daha irəli getmək təhlükəlidir və məsləhət deyil. Qrızdəhnə kəndinə gedən cığır isə sağa sərt dolaylarla enişlə meşənin içinədək davam edir. Meşə daxilində 1,5 km daha asan yürüşdən sonra Qrızdəhnə kəndində maşın yolu kənarına çatırsınız.
Mövsüm
Texniki olaraq çətin yürüş olduğu üçün uyğun dağ yürüş geyimlərinizin olması çox vacibdir. “Eh yolu” ilə meşəyə eniş sərt olduğuna görə yüksəklik qorxusu olanlar üçün bu marşrut uyğun deyil. Qışda qarlı vaxtlarda bu marşrut ümumiyyətlə təhlükəli ola biləcəyi üçün məsləhət görülmür. Yaşıl təbiətdən zövq almaq istəsəniz, may-iyul aylarında bu marşrut çox idealdır. Amma səfər öncəsi hava proqnozunu yoxlamaq tövsiyə olunur. Dumanlı, yağışlı və küləkli hava şəraiti yürüşü xeyli çətinləşdirə bilər.
Ətraf cığırlar
Bu marşrutu Qalaxudat-Qrız marşrutu ilə birləşdirə bilərsiniz.
Qida və gecələmə
Qrız kəndində restoran və ya kafe yoxdur. Ancaq yemək və gecələmə təklif edən qonaq evləri var. Qrızdəhnə kəndi isə turistik kənddir və istər mövsümi, istərsə də il boyu fəaliyyət göstərən restoran və hotellər mövcuddur. Həmçinin qonaqlara yemək və gecələmə təklif edən qonaq evləri də var. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini marşrutun xəritəsində tapa bilərsiniz.
Su
Kənddən çıxmamış kəndlilərin həyətlərində bulaqlardan su qablarınızı doldura bilərsiniz. Havanın istiliyindən asılı olaraq ən azı 1,5-2 litr su ehtiyatı götürməyiniz məsləhətdir. Marşrut boyunca yalnız bir yerdə içməli bulaq suyu var. Maşın yolundan “Eh yolu”na döndükdən bir qədər sonra bulaq qarşısınıza çıxacaq.
Nəqliyyat
Qrız kəndinə yolsuzluq avtomobili ilə getmək mümkündür və Qubanın mərkəzindən yalnız yerli taksilər ilə 60 AZN qarşılığında getmək olar. Həmin gün Qrızdan geri qayıdacaqsınızsa, yaxud Qrızdəhnə kəndinə yürüş edəcəyiniz təqdirdə yürüşün sonunda Qrızdəhnədən Qubaya eyni sürücüyə əlavə ödəniş etmədən geri qayıda bilərsiniz.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Cığır heç bir xüsusi mühafizə olunan təbiət ərazisindən və ya sərhəd mühafizə zolağından keçmir.