MƏSAFƏ: 8,2 KM
YOXUŞ: 370 M
ENİŞ: 350 M
|
MAKS. HÜNDÜRLÜK: 2300 M
MİN. HÜNDÜRLÜK: 2155 M
MÜDDƏT: 3 SAAT 10 DƏQ
|
Asan yürüşləri sevənlər üçün Qalaxudata aparan bu marşrut əla seçimdir. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Marşrutun sonunda Qrız kəndinə yürüş marşrutunun məlumat lövhəsi ilə də tanış ola bilərsiniz.
İşarələri izləyərək irəliləyib, kiçik çayı keçin, 800 m yoxuşla qalxın. Buradan sola ayrılan yol Qızılqaya dağının ətəklərinə doğru aparır. Siz isə əsas yol ilə düzünə – Qalaxudata doğru davam edirsiniz. 6 km-dən bir az artıq məsafəni geniş rahat yolla qət edərək kiçik aşırıma çatacaqsınız. Aşırımdan əvvəl sağda aşağıda, yol kənarında Bostankeş kəndini görəcəksiniz. Aşırımdan baxarkən sol tərəfdə sıldırım qayalıqların dibində görünən kənd Qalaxudat kəndidir. Nişanları izləyərək kəndin mərkəzinə çata bilərsiniz.
Ətraf cığırlar
Bu marşrutu Qalaxudat-Qrız marşrutu ilə birləşdirə bilərsiniz.
Mövsüm
Texniki olaraq asan yürüş olduğu üçün ilin bütün fəsillərində bu marşrutu gedə bilərsiniz. Yaşıl təbiətdən zövq almaq istəsəniz, may – iyul, qarlı dağları görmək üçün isə dekabr – fevral aylarında bu marşrut çox idealdır. Amma səfər öncəsi hava proqnozunu yoxlamaq tövsiyə olunur. Dumanlı, yağışlı və qarlı hava şəraiti yürüşü çətinləşdirə bilər.
May və sentyabr aylarında, qoyun sürülərinin köç vaxtı Qalaxudat aşırımına çatmamış açıq düzdə bəzən çoban itləri ilə qarşılaşa bilərsiniz. Buradan keçərkən ehtiyatlı olun. Yarana biləcək xoşagəlməz halların qarşısını almaq üçün çobanı uzaqdan səsləməyiniz tövsiyə olunur.
Qida və gecələmə
Xınalıq və Qalaxudat kəndlərində restoran və ya kafe yoxdur (yalnız Xınalıqda kiçik çay evi var). Ancaq kəndlərdə qonaqlara yemək və gecələmə təklif edən qonaq evləri fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələrinin yerini marşrutun xəritəsində tapa bilərsiniz.
Su
Bu marşrut boyunca yalnız başlanğıcda Xınalıq kəndinin içində bulaq var. Qalaxudat kəndində birbaşa marşrutun üzərində bulaq yoxdur, amma yerli sakinlərdən su istəyə bilərsiniz. Havanın istiliyindən asılı olaraq ən azı 1,5-2 litr su ehtiyatı götürməyiniz məsləhətdir. Yürüş boyu yağışlı günlərdə suyu bulanıq olan kiçik çayın üzərindən keçəcəksiniz. Yayda isə çayın suyunu içmək tövsiyə olunmur, çünki çobanlar yuxarı ərazilərdə çayın suyundan heyvandarlıqda istifadə edirlər.
Nəqliyyat
Xınalıq kəndinə yolsuzluq avtomobili ilə getmək mümkündür və Qubanın mərkəzindən yalnız yerli taksilər ilə 60 AZN qarşılığında getmək olar. Xınalıqdan, ya da yürüş edəcəyiniz təqdirdə Qalaxudatdan həmin gün geri qayıdacaqsınızsa, sürücü sizi gözləyə və geri – Qubanın mərkəzinə əlavə ödəniş etmədən gətirə bilər.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Cığır heç bir xüsusi mühafizə olunan təbiət ərazisindən və ya sərhəd mühafizə zolağından keçmir.