rəngarəng yun corablardanqış payı
Dörd bir tərəfdən Qafqaz dağları ilə əhatələnmiş və dünyanın hər yerindən bütün ziyarətçiləri öz sehrinə salan Qubanın Xınalıq kəndi nəinki özünəməxsus dili və həyat tərzi ilə fərqlənir, həm də qədim toxuculuq ənənələri ilə tanınır. Xınalıq əhalisi arasında geniş yayılmış sənətkarlıq növlərindən biri də məhz rəngli, yun materialdan corabların toxunmasıdır. Əsasən heyvandarlıqla məşğul olan kənd sakinləri uzun müddət qışlaq və yaylaqlarda yaşayır, çoxlu yun ehtiyatı yığırlar. Əldə edilən yundan isə xalçalar, keçə materialı, rəngli corablar, xurcun və məfrəşlər toxunur.
Adətən iki formada - qısa və uzunboğaz corablara həm qışlaq, həm də yaylaq həyatında geniş şəkildə üstünlük verilir. Hər il Xınalıqdakı ailələrdə onlarla cüt corab toxunulması artıq uzun illərin gözəl adətlərindəndir. Mövsümi olaraq toxunulan corablardan artıq olanları isə digər kəndlərin sakinləri ilə mübadilə vasitəsi kimi istifadə edilirdi.
Hər bir ailənin özünəməxsus corab çeşniləri, yəni təsviri olduğundan bu naxışlar adətən bir nəsildən digərinə ötürülürdü. Ona görə də corabın naxışlarına görə onun hansı ailədə toxunduğunu bilmək olur. Yun materialından əldə edilən ip adətən təbii bitkilərdən istifadə edilməklə boyanır. Corab üzərindəki naxışlara xalçalar üzərində də rast gələ bilərsiniz, hətta onların özünəməxsus simvolları var.
Xınalığa yolunuz düşsə, al-əlvan rəngli saplardan toxunan corablardan alıb özünüzə və sevdiklərinizə özəl hədiyyə edin.