Savalan
2007-ci ildə əsası qoyulan “Savalan” şərab zavodu qısa müddət ərzində Azərbaycanın ən tanınmış yüksək keyfiyyətli şərab istehsalçılarından olmuşdur. Şərab zavodu Qəbələ şəhərinin cənubunda yerləşir. Qafqaz dağlarının təmiz havası, bərəkətli torpaqları, dağ çaylarının saf suları burada yetişən üzümlərə özünəməxsus dad bəxş edib. Dəniz səviyyəsindən 400 metr yüksəklikdə hər iki tərəfdən çaylarla əhatə olunmuş Savalan vadisi hər bir şərabçı üçün sadəcə bir cənnətdir. Zavodun yaxınlığındakı restoranda milli mətbəx nümunələrimizdən dada, həmçinin zavodda yerləşən muzeyə baş çəkib şərab mədəniyyətinin inkişafı ilə yaxından tanış ola bilərsiniz. Muzeydə Azərbaycanda şərabçılıq tarixinin keçdiyi yolu izləməyə imkan verən çoxsaylı eksponatlar nümayiş etdirilir.
Bu gün şirkətdə çalışan beynəlxalq komanda 20 adda müxtəlif şərab növü ərsəyə gətirmək üçün İtaliya və Azərbaycan təcrübəsindən bəhrələnir. Zavodda şərab dequstasiyasında iştirak etmək istəyənlər üçün rus və ingilis dillərində müxtəlif turlar təşkil edilir. Aydın havada tur iştirakçılarını bir badə şərab müşayiəti ilə dağlara açılan gözəl mənzərələr gözləyir.