Bakı küçələriməşhur Sovet filmlərində
Bakıda çəkilən Sovet kinematoqrafiyasının məşhur əsərləri arasında “Amfibiya adam” (1962), “Brilyant əl” (1969) və “Tehran-43” (1981) filmlərini xatırlamaq olar. Bakının əslində xarici şəhərləri “canlandırdığı” bu filmlərdə xüsusən İçərişəhərin dar küçələrinin, paytaxtımızın tanınmış yerlərinin həmin illərdəki görkəmini seyr etmək olar.
Bu filmlər arasında ən məşhuru, heş şübhəsiz, “Brilyant əl” filmidir. Filmin qəhrəmanı Qorbunkovun İstanbulda başına gələn macəraları məhz Bakıda lentə alınıb. Aktyorlar Yuri Nikulin və Andrey Mironov filmin ən yaddaqalan səhnələrini İçərişəhərdə canlandırıblar. Həmin məkanlar bu gün də paytaxtımıza gələn turistlərin marağına səbəb olur. Bu kadrlarda eşitdiyimiz “russo turisto”, “çert poberi” kimi ifadələr isə uzun illərdir ki, dillər əzbəridir.
Çəkilişləri Bakıda aparılan digər bir film isə “Amfibiya adam”dır. Bu filmdə isə Bakı Argentinanın paytaxtı Buenos-Ayresə “çevrilir”. Filmi izləyərkən küçələrdə ispan dilində reklam lövhələrinin olmasına baxmayaraq, Nizami küçəsini, Fəvvarələr meydanını və İçərişəhərin dalanlarını dərhal tanımaq olur. Filmin kütləvi səhnələrində Bakı sakinləri də iştirak etmişdilər.
“Tehran-43” filminin müəyyən kadrlarının paytaxtımızda çəkilməsi isə o dövrün tarixi şəraiti ilə əlaqəlidir. Belə ki, bu kadrlar əslində Tehranda çəkilməli idi, amma həmin ərəfədə İran müharibə şəraitində olduğu üçün çəkilişlər Bakıda baş tutur. İkinci dünya müharibəsi dövründə baş verən hadisələrdən bəhs edən filmdə dünya ulduzu Alen Delon da iştirak edirdi və bu film uzun illər ən baxımlı detektiv filmləri sırasında olub. Filmin kadrlarında Qız qalası, Qəni Məmmədovun evi, Muğam klubu və Cümə məscidinə rast gəlmək olar.
Bu filmlərin Bakı kadrlarının izləri ilə irəlilədikcə həm filmlərin çəkilmə tarixçələri barədə maraqlı məlumatları öyrənə, yenidən yada sala, həm də Qız qalası, Şirvanşahlar Sarayı, Nizami küçəsi, Dənizkənarı Bulvar kimi paytaxtımızın əsas görməli yerlərindən keçə bilərsiniz.