palçıq vulkanlarınıözünüz üçün kəşf edin
Bakı yaxınlığında dünyanın ən fərqli təbiət hadisələrindən hesab olunan çox sayda palçıq vulkanı mövcuddur. Palçıq vulkanları qabarcıqlı və bəzən püskürməyə hazır görünüşü ilə tanınır. Ölkəmizdə təxminən 400 palçıq vulkanı qeydə alınıb. Onların ölçüsü normal vulkanlardan kiçik olsa da, daha tez-tez püskürməsi ilə seçilir. Palçıq vulkanlarının diametri maksimum təxminən 10 m, hündürlüyü isə 700 metrdir (dünyanın ən böyük palçıq vulkanları – Böyük Kənizədağ və Torağay Azərbaycanda yerləşir).
Palçıq vulkanları yeraltı qazların yer səthinə çıxmasını şərtləndirən tektonik tərpənmələrin nəticəsində yaranır. Bu zaman sızan qazların bir qismi yanmağa başlayır və heç vaxt sönmür. Bəzi insanlar bu əbədi alovların 2 000 il əvvəl Azərbaycanda Zərdüştlüyün yaranmasına səbəb olduğunu hesab edirlər. Hazırda Daşgil adlanan ərazidə vulkanları ziyarət etmək ödənişsizdir. Qobustan qoruğundan buraya taksi ilə təxminən 20 manata gəlmək mümkündür.
Bu qeyri-adi təbiət hadisəsi haqqında daha ətraflı öyrənmək üçün Palçıq Vulkanları Turizm Kompleksini ziyarət edə bilərsiniz. Kompleksin informasiya mərkəzində palçıq vulkanlarının püskürməsi nəticəsində ayrılan palçığın təbii və müalicəvi xüsusiyyətləri haqqında məlumatlar ilə tanış olmaq mümkündür. Burada yerləşən təbiət tarixi sərgisində palçıq vulkanlarını əhatə edən zəngin biomüxtəlifliyi əks etdirən eksponatlar nümayiş olunur, minerallar sərgisində isə Azərbaycanın müxtəlif regionlarından gətirilmiş gözəl və nadir qiymətli daşlar və minerallar böyük maraq doğurur. Bu füsunkar eniş-yoxuşlu bölgəni rahatlıqla kəşf etmək və palçıq vulkanları və qrifonları yaxından izləmək istəyənlər burada həm də kvadrosikl ilə və ya qolf maşınlarında gəzinti turlarına qoşula bilərlər. Sonda isə kompleksdə yerləşən kafe-restoranda təbiətin mənzərəsindən zövq alaraq ləziz mətbəx nümunələrindən dada bilərsiniz.