Bakıda yaşamışməşhurların izi ilə
Mstislav Rostropoviç, Bülbül, Müslüm Maqomayev, Tahir Salahov... Onlar məşhurluğu dünyanı gəzən görkəmli həmvətənlərimizin, yaxud həyatlarının, fəaliyyətlərinin müəyyən dövrü Bakı ilə bağlı olan şəxsiyyətlərin bir qismidir. Bakı küçələrini gəzməklə həmin insanların həyat və yaradıcılıqlarının izlərini özündə yaşadan evlər, binalar, mədəniyyət məkanları ilə tanış ola bilərsiniz.
Tur zamanı ilk dayanacağınız yer Mstislav Rostropoviçin ev-muzeyi olacaq. Görkəmli violonçel ifaçısının doğulduğu və ilk uşaqlıq illərini keçirdiyi bu evdə hazırda Rostropoviçlər ailəsinə məxsus dəyərli eksponatlar nümayiş olunur. İçərişəhərdə Tahir Salahovun ev-muzeyində isə XX əsr Azərbaycan rəssamlığının ən məşhur nümayəndələrindən birinin rənglər dünyasına səyahət edəcəksiniz. Dahi rəssamın əsərlərinin bir çoxu ilə Milli İncəsənət Muzeyində də tanış ola bilərsiniz.
Tur zamanı Azərbaycan Dövlət Akademik Filarmoniyası, Bakı Musiqi Akademiyası, İncəsənət Kolleci, Rəssamlar İttifaqı, Opera və Balet Teatrı kimi bir sıra mədəniyyət ocaqlarına da baş çəkmək imkanınız olacaq. Bu məkanlar turun qəhrəmanları olan incəsənət xadimlərinin yaradıcılığında iz buraxmış yerlər olmaqla bərabər, memarlıq üslubu ilə də Bakıya yaraşıq verən binalardır.
Ev-muzeyləri və incəsənət məkanlarından əlavə Dənizkənarı Bulvar, burada vaxtilə həmin məşhurların ənənəvi görüş yeri olmuş “Mirvari” kafesi, Bakının və Xəzərin mənzərəsini seyr edə biləcəyiniz Dağüstü park da daxildir.